Keçmiş MTN-nin iki vəzifəli şəxsi dövlətə xəyanət ittihamı ilə həbs edilib

Azərbaycanın keçmiş Milli Təhlükəsizlik Nazirliyinin iki vəzifəli şəxsi dövlətə xəyanət ittihamı ilə həbs edilib.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ictimai əlaqələr şöbəsinin məlumatında deyilir ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi olmuş Zakir İsmayılov xarici xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində xüsusi təxəllüs verilməklə məxfi əməkdaşlığa cəlb edilib.

“Zakir İsmayılov keçmiş Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi və digər məsul vəzifələrdə işlədiyi dövrdə Azərbaycanın dövlət təhlükəsizliyi və milli maraqları zərərinə fəaliyyət göstərərək tutduğu vəzifələrə görə ona məlum olan, habelə əldə edə bildiyi əks-kəşfiyyat fəaliyyəti üzrə sənədlər, şəxsi heyət barədə və digər məxfi məlumatları, eləcə də 2015-ci ildən etibarən təqaüddə olduğu dövrdə keçmiş əlaqə və imkanlarından istifadə edərək təhlükəsizlik orqanlarında baş verən dəyişikliklər barədə məlumatları, Azərbaycan xüsusi xidmət orqanlarına qarşı kəşfiyyat işlərinin mümkün üsulları barədə təhlillərini müntəzəm olaraq xarici xüsusi xidmət orqanına təqdim etməklə dövlətə xəyanət edib”, məlumatda qeyd edilir.

Zakir İsmayılov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilərək həbs edilib.

Məlumatda daha sonra deyilir ki, Bəhruz Yusifzadə təhlükəsizlik orqanlarında xidmətdən ehtiyata buraxıldıqdan sonra xarici ölkələrə səfərlərində əvvəllər məxfi əməkdaşlığa cəlb etdiyi xarici ölkə vətəndaşının vasitəsilə onunla əlaqə quran xarici xüsusi xidmət orqanları əməkdaşları ilə görüşlər təşkil edib, onlar tərəfindən maddi maraq müqabilində əməkdaşlığa cəlb edilib.

Bəhruz Yusifzadə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilərək həbs edilib.

Məlumatda həbs edilən şəxslərin hansı ölkələrin xüsusi xidmət orqanları tərəfindən ələ alındığı barədə məlumat verilmir.

Həbs edilən şəxslərin vəkilləri və ailə üzvləri hələ ittihama münasibət bildirməyib.