Azərbaycan XİN-in Paşinyanın Almaniyadakı bəyanatlarına reaksiyası

Münaqişənin həlli ilə bağlı qəbul olunan beynəlxalq qətnamə və sənədlər, ilk növbədə BMT TŞ-nin 4 qətnaməsi işğalçı erməni qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin Ermənistanın baş naziri Nikol Paşinyanın Almaniya səfəri zamanı verdiyi bəyanatlarla bağlı şərhində deyilir.

Cümə günü Berlində Almaniya kansleri Angela Merkel ilə birgə mətbuat konfransında Ermənistanın hökumət başçısı qeyd edib ki, “Azərbaycanın Stepanakerti Qarabağ münaqişəsinin tərəflərindən biri kimi qəbul etmək istəməməsi nizamlanma üzrə danışıqlarda irəliləyişə ümid etməyə imka vermir”.

“Əvvəllər də demişəm ki, münaqişənin istənilən həll variantı Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır. Ümid edirdim ki, Azərbaycandan da münaqişənin həllinin Qarabağ və Ermənistan xalqları üçün məqbul olmalı olması haqqında bənzər bəyanat səslənəcək. Təəssüf ki, biz belə bir şey eşitmədik. Və nə qədər ki, Azərbaycandan uyğun bəyanat yoxdur, biz bu prosesdə irəliləyəcəyimizə böyük ümidlər bəsləyə bilmərik”, deyə Paşinyan bildirib.

Öz növbəsində, Azərbaycan XİN-in mətbuat xidməti Ermənistan tərəfin münaqişə ilə bağlı beynəlxalq sənədlərin müddəalarını təhrif etdiyini qeyd edir. “İlk növbədə xatırlatmaq istərdim ki, münaqişə nəticəsində, məhz Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal olunub və onun bir milyona yaxın əhalisi etnik təmizləməyə məruz qalaraq məcburi köçkünə çevrilib.

Onu da bildirmək istərdim ki, münaqişənin həlli ilə bağlı qəbul olunan bütün sənədlərdə və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təkliflərində söhbət “xalq” yox, erməni və azərbaycanlı əsilli iki əhalidən gedir”, deyə XİN-in mətbuat xidmətinin bəyanatında qeyd edilir.

“Cənab Paşinyan anlamalıdır ki, münaqişənin həlli Ermənistanın müstəqilliyinə təkan verəcək və ilk növbədə Ermənistan əhalisi üçün böyük iqtisadi imkanlar açacaq yeni siyasi vəziyyəti yaradacaq”, deyə Azərbaycan XİN-in mətbuat xidmətinin şərhində bildirilir.